Uşaq portalı Rus Hz.Peyğəmbər(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
sitename
"Mövla": dost, ya rəhbər?
"Mövla": dost, ya rəhbər?
Həmişə belə bir sual verirlər ki, "mövla" sözünün mənalarından birinin "dost" olduğu halda nə üçün şiələr «مَنْ كُنْتُ مَوْلاهُ فَهذا عَلىٌ‏ مَولاهُ‏» - "Mən kimin mövlasıyam Əli də onun mövlasıdır" hədisindəki "mövla" sözünü rəhbər və başçı kimi məna edirlər?
Doğrudur, "mövla" sözünün bir neçə mənası vardır ki, onlardan biri də "dost" və "köməkçi"dir. Amma biz Qədir-Xum hadisəsini bütün detalları ilə incələsək, görəcəyik ki, bu hədisdəki "mövla" sözü heç də dost mənasına deyil, ümumiyyətlə hadisənin gedişatı ilə üst-üstə düşmür. Əksinə, "mövla" sözünün bu hədisdə "rəhbər" və "başçı" mənasına olmasına dəlillər qətidir.
Hadisədə bizim müddəamızı doğrulayan məsələlərə keçməmişdən öncə bir məsələni də diqqətinizə çatdırım ki, Quran ayələrini və hədisləri tekstual (təkcə mətn əsasında) məna, şərh və təfsir etmək doğru deyil. Çünki ayə və hədislər müəyyən məkan və zamanda müəyyən səbəblərdən doğulub. Buna görə də ayənin nazil olduğu və hədisin deyildiyi zaman, məkan və (siyasi, iqtisadi, coğrafi və s...) şəraitləri nəzərə almadan məna etmək insanı qeyri-düzgün nəticəyə yönləndirəcəkdir. İndi isə bu məsələni nəzərə alaraq, Qədir-Xum hadisəsinə nəzər salaq:
1). Peyğəmbərin (s) İmam Əlini (ə) sevməsi, onunla qardaş və dost olması heç kiməsə gizli deyildi və heç bir zərurəti də yox idi ki, Peyğəmbər (s) isti günün atlında, quru və susuz səhrada yol yorğunu olan hacıları dayandırsın və uzun bir xütbə oxuduqdan sonra desin ki, "Əli mənim dostumdur". 
2). Qədir-Xum xütbəsinin mətni, "Mən kimin mövlasıyam"dan öncə buyurduğu "الَسْتُ اوْلى‏ بِكُمْ مِنْ انْفُسِكُم" – "Mən sizə (işlərinizi idarə etməkdə və sizin barənizdə qərar çıxartmaqda) sizin özünüzdən daha layiq deyiləmmi?" ifadəsi göstərir ki, "mövla" sözünün "dostluq"la heç bir əlaqəsi yoxdur və hədisdə sadə dostluqdan danışılmır, burada daha əhəmiyyətli bir məsələ vardır və bu söz İmam Əlinin (ə) rəhbərliyini elan etmək üçün bir girişdir. 
3). Peyğəmbərin (s) xütbəsindən sonra camaat dəstə-dəstə gəlib İmam Əliyə (ə) təbrik dedilər və beyət etdilər. Hətta Peyğəmbər (s) qadınlardan da beyət aldı. 
4). Peyğəmbərin (s) xütbəsindən sonra bir neçə nəfər münafiq deyinməyə başladılar ki, Məhəmməd (s) özü nə dedi etdik, indi də əmisi oğlu və kürəkəninin dediklərini etməliyik. Hətta bir nəfər bu elanın Allah tərəfindən olduğuna şübhə edərək nifrin etdi və həmin anda başına daş düşərək öldü. 
5). Qədir-Xum hadisəsində Ərəb dünyasının məşhur şairi Həsan ibn Sabit bütün hadisəni nəzmə çəkərək camaat üçün oxudu. Həmin şerin mətni də aydınlıqla təsdiq edir ki, hədisdəki "mövla" sözü rəhbər, imam və başçı mənasını daşıyır.
6). Təbliğ və İkmal ayələrinin də mətni və ayələrdəki sərtlik və təkid bunu göstərir ki, Peyğəmbərə (s) çox mühüm bir məsələni çatdırmaq əmr edilmişdir və hətta Peyğəmbər (s) bu məsələni elan edərsə, münafiqlər fitnə salacağını ehtimal edib qorxurdu.
Bütün bunlar və qeyd etmədiyimiz bir çox nüanslar təsdiq edir ki, hədisdəki "mövla" sözü "rəhbər", "imam" və "başçı" mənasınadır.  
Mirməhəmməd Bəşir
t.me/mirmehemmed_beshir
www.SonUmidTv.az

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))